Canavar iti
Canavar iti böyük və qorxmaz itdir. Onun güclü bədəni və qısa, qalın tükü var. O, dağda, çobanların yanında çox yayılmışdır. Canavar iti təbiətdə olmağı sevir, soyuğa yaxşı adət edir. Onun üçün evdə darısqallıqda yaşamaq çox əlverişsizdir.
Canavar iti ayıq və diqqətli itdir. Tez-tez yadlara qarşı aqressivdir. Gecə və gündüz sürüyə keşik çəkir və qoyunları qoruyur. Tez-tez qulağına canavarların ulaşma səsi gəlir. Canavar iti qorxmadan eyni zamanda 10-12 canavarla vuruşur. O, canavarları boğa da bilir. Canavarlardan qorunmaq üçün canavar itinə tez-tez dəmir iti uclu boyunluq taxırlar.
Uşaqlar, siz yəqin görmüsünüz və ya eşitmisiniz ki, canavar itinin küçüklərinin sahibləri balacalıqdan qulaqlarını və quyruğunu kəsirlər. Ola bilsin ki, balaca küçüyə yazığınız gəlib və onun sahibinə qəzəblənmisiniz də. Həqiqətdə isə bilirsinizmi nə üçün belə edirlər? Çünki dalaşdıqda canavar dişləri ilə itin qulaqlarını və ya quyruğunu dişləyib asanlıqla məğlub etməsin.
Canavar iti asanlıqla əhlilləşdirilmir. Onun əhlilləşdirilməsinə xüsusi qaydalara əməl etmək lazımdır. Yaxşı olardı ki, canavar itinin küçüyünü balacalığından peşəkar məşqçi əhlilləşdirsin.
Canavar iti əsasən ətlə və sümüklərlə qidalanır. Yayda isə bəzən çəyirtkələri də yeyir.
Alimlərin fikrincə, canavar iti çoban itləri arasında ən yaxşı cinsdir. Gürcü canavar iti cinsindən “Qafqaz canavar iti” alınmışdır. O, hal-hazırda dünyada çox məşhurdur. Ağ canavar iti xüsusilə dəyərli və nadirdir. O, dünyanın bir çox ölkələrində tanınır.
Öz xassələrinə görə, çobanlar canavar itinə çox inanırlar. O isə sahibinin sevgisini hiss edir və ömrünün sonuna qədər ona və onun ailəsinə sədaqətlə qulluq edir. Canavar iti uşaqları çox sevir və onlara toxunmur. Əksinə, tez-tez oynayır və balacaları diqqətlə qoruyur.