Niko Pirosmani

Niko Pirosmani məşhur gürcü rəssamıdır. Niko öz-özünə öyrənən rəssamdır. Onun işləri sadəliyi, həqiqəti, aydın xarakteri, bilavasitəliyi və süjet rəngarəngliyi ilə seçilir.

Lado Qudiaşvili “Niko Pirosmani“ 1964-cü il

Rəssamın rəssamlıq təhsili almadığına baxmayaraq, onun yaradıcılığı gürcü rəssamlıq xarakterini təkrarlayır. Hal-hazırda Gürcüstanın Milli Muzeyində Niko Pirosmaninin 146 əsəri saxlanılır. 16 kətan isə Siğnaği muzeyindədir. Pirosmaninin sərgisi dünyanın bir çox ölkələrində keçirilmiş və sərgilərdə 350 000 nəfərdən artıq tamaşaçı iştirak etmişdir.

Tərcümeyi-halı

Pirosmani haqqında məlumat müəyyən hissədə yalnız onun ölümündən sonra axtarılmışdır. Onun əsl adı Niko Pirosmanişvili idi. O, Kaxetidə, Mirzaani kəndində anadan olmuşdur. Onun atasının –Aslan Pirosmanişvili və anasının – Teklanın 3 övladı var idi. İki böyük qızları və oğlanları – Nikala, yəni Niko. Nikonun dəqiq doğum tarixi məlum deyil. O, 1862-ci və ya 1863-cü ildə doğulmuşdur. Nikonun rəsm istedadı uşaqlıqdan özünü büruzə vermişdi. O, çoxlu şəkillər çəkirdi. Rəssam 8 yaşında yetim qaldı və anası uşağı Tbilisiyə varlı ailəyə nökərçiliyə göndərdi. Balaca Nikalaya zəngin ailədə yaxşı münasibət göstərirdilər. Oğlan öz şəkilləri ilə evin divarlarını bəzəyirdi. Sonralar isə Niko ailəni tərk etməli oldu.

1880-ci ildə o, rəssamlıq emalatxanasını açdı və mağazalar və aşxanalar üçün lövhələr bəzəyirdi. Onun gəliri az idi və Nikonun ehtiyaclarını ödəmirdi.

1883-cü ildə Niko dəmiryolu stansiyasında keşikçi işinə başladı. İşdə gözətçi otağında iş zamanı da şəkil çəkirdi. Xəstəliyinə görə Niko müvəqqəti olaraq işini tərk etməli oldu. Böyük istəyinə baxmayaraq sağaldıqdan sonra onu işə qaytarmadılar.

Niko yorulmadan işləyirdi və böyük maraqla işinə yanaşırdı. Rəssamlıq təhsili üçün onun kifayət qədər pulu yox idi. Rəssam məcbur idi ki, aşxanalarda sığınacaq tapsın. Yaşayış haqqını tez-tez öz şəkilləri ilə ödəyirdi. Niko çörək və bir stəkan şərabın qiymətinə lövhələri bəzəyir və şəkillər çəkirdi. Sadə camaat Nikonun şəkillərini başa düşmürdü, lakin Pirosmaninin şəkillərindən gələn istedadı və gücü hamı hiss edirdi. Dözülməz həyat və yoxsulluğa baxmayaraq Pirosmani çox məğrur və sərbəst insan idi. Bu xüsusiyyətlərinə görə onu “qraf” ləqəbi ilə də çağırırdılar.

Pirosmani olduqca savadlı və oxumuş insan idi. Onun şəkilləri təsdiq edir ki, rəssamın gürcü tarixi və müasir həyat haqqında nə qədər aydın təsəvvürü var idi. Onun tarixdən çoxlu şəkilləri var: “Çariça Tamara”, “Şota Rustaveli”, “Müqəddəs Qiorqi”, “Qiorqi Saakadze”. Gürcüstan tarixindən əlavə Pirosmani dünya hadisələrini də yaxşı bilirdi. Onun tərəfindən Yaponiya müharibəsinin səhnəsi təsvir olunmuşdur.

Pirosmani 1918-ci ildə 56 yaşında dünyasını dəyişdi. Ölümünün son günlərində də rəssam tənha idi. Onun övladları və ailəsi yox idi... Həyatında yeganə bir qadını sevmişdi. Bu qadın fransız aktrisası Marqarita idi. Niko Pirosmaninin məşhur “Aktrisa Marqarita” şəkli məhz bu qadının portretidir. Nikala və aktrisa 1 il görüşürdülər. Sonra isə Marqarita rəssama vida məktubu qoyub həmişəlik onu tərk etdi. Bu ayrılıq Pirosmani üçün çox kədərli oldu. Şəkil çəkməklə ağrısı və tənhalığı ilə mübarizə aparırdı. Yoxsul rəssam qaranlıq, kimsəsiz zirzəmidə ömrünü bitirdi. Onun ölümünün dəqiq səbəbi və tarixi heç kimə məlum deyil. Onun kim tərəfindən və harada dəfn olunduğu da məlum deyil.

Dostları və tanışları Nikalanın zərərsiz, vicdanlı və məğrur insan kimi xatırlayırdılar.

Rəssamın irsi

Pirosmanini ilk dəfə fransız rəssamı aşkarladı. O, Gürcüstana səyahətə gəlmişdi və təsadüfən Pirosmaninin şəkillərini gördü. Fransız özü ilə Pirosmaninin bir neçə şəkillərini apardı. Sonralar isə Niko Pirosmaninin istedadı ilə İlya və Kirill Zdaneviç qardaşları maraqlan- dılar və onun tərcümeyi-halı və yaradıcılığı üçün çox zəhmət çəkdilər. Sonralar onun şəkillərini gürcü rəssamları da toplamağa başladılar. Məşhur yazıçı – Qiorqi Leonidze isə onun həyatından mühüm məlumatlar topladı.

Pirosmanişvilinin rəsmləri ilk dəfə 1918-ci ildə Tbilisidə gürcü rəssamlarının ilk böyük sərgisində təqdim olundu.

Rəssamın ölümündən sonra 20-ci illərdə onun yaradıcılığı haqqında mətbuatda məktublar dərc olunurdu və məqalələr toplumu da çap olundu. Pirosmaninin rəssamlığına xüsusi maraq 50-ci illərdə xüsusilə hiss olunmağa başladı. Onun haqqında Gürcüstanda və xaricdə çoxlu sayda kitablar dərc olundu. Eləcə də film yaradıldı, pyes, musiqili əsərlər yazıldı; Pirosmaninin şəkillərinin sərgisi Avropanın bir çox ölkələrində təşkil edildi.

70-ci illərdə Tbilisidə Pirosmaninin heykəli qoyuldu; rəssamın doğma kəndində -Mirzaanidə isə Pirosmani muzeyi açıldı. Rəssamın işlərinin böyük qismi hal-hazırda Gürcüstan Dövlət İncəsənət Muzeyində və xaricdə - muzeylərdə və özəl kolleksiyalarda saxlanılır.

Pirosmaninin yaradıcılığı

Pirosmaninin yaradıcılığı çox zəngindir. Onun rəssamlığında xüsusi yeri masaarxası səhnələr tutur, hansılar tbilisili tacirlərin, sənətkarların, bəzən isə zadəganların qrup portretlərini təqdim edirlər.

Məs., “Beş zadəganın şənlənməsi”. Süfrə səhnələrini rəssam bəzən təbiət fonunda da ifadə edirdi.

Pirosmanini kənd təbiəti və həyatı da maraqlandırırdı. Onun bir çox şəkilləri kənd həyatını təsvir edir. Rəssam çox nadir hallarda şəhər peyzajını çəkirdi. Pirosmaninin xüsusi gözəllik və şairanə çəkdiyi şəkillər gecə səhnələridir.

Eləcə də Pirosmani tez-tez Tbilisi sakinlərini və müxtəlif peşə və sənət nümayəndələrini öz şəkillərində təsvir edərdi: ustaları, aşxana sahiblərini, kintoları, rəqqasları və s. Onun rəsmlərində qəhrəmanların xarakteri və əhval-ruhiyyəsi çox yaxşı görünür.

Pirosmanişvilinin yaradıcılığında heyvanlar mühüm yer tuturlar. Rəssam heyvanların təsvirlərində tez-tez rəmzi fikri ötürürdü. “Maral”, “zürafə”, “ağ donuz və balaları” və digər rəsmləri xüsusi təəssürat yaradır.

Pirosmanini eləcədə tarixi mövzular və personajlar cəlb edirdi. Onun rəsmlərində gürcü teatr səhnələri də təsvir olunmuşdur.

Xatirələr

Pirosmaninin həyatı, şəxsi xassələri və yaradıcılığı haqqında maraqlı xatirələr rəssam Lado Qudiaşviliyə məxsusdur:

1916-cı ildə Lado rəssamın evində qonaq olmuşdur. Nikonun evini axtarıb tapmaqda çox çətinlik çəkdi və sonda yarıqaranlıq zirzəmiyə düşdü. Rəssam rəssamlıq üçün materialı neft qalıqlarından toplayırdı. Qudiaşvili Pirosmaniyə gəlişinin səbəbini söylədi. Dahi Pirosmanini Rəssamlar İttifaqının iclasına çağırırdılar. Məğrur Pirosmani geyiminə baxıb və belə bir formada camaat içinə çıxmaqdan imtina etmişdir. “Özümü pis insan hesab edirəm” – rəssam Qudiaşviliyə söyləmişdir.

Qudiaşvilinin növbəti xatirəsi daha ağırdır:

Rəssamlar İttifaqı toplantılardan birində Niko Pirosmani üçün 200 manat köməklik göstərməyi qərara aldı. “Pulu vermək mənə həvalə edildi” – Lado Qudiaşvili xatirəsində yazır. “Pirosmanini axtarmağa başladım. Çoxlu həyətlərə baş çəkdim, onu xəbər aldım, amma əbəs yerə. Yorğun qayıdırdım və birdən həyətlərdən birində dəhşətli bir bağırtı eşitdim, uşaqların səs-küylərini. Mənzərə çox acınacaqlı idi. Uşaqlar bir otağın qapısına daş atırdılar, hansında sataşdıqları kişi yaşayırdı. Mənim gümanımla bu, Niko Pirosmani olmalı idi. Qapını döydüm. Niko qapını açdı.

Niko Pirosmani ucaboylu idi, saçları ağarmış və geriyə daranmışdı. Əynində boz rəngli pencək və boyalara bulaşmış çirkli şalvar var idi. Bir sözlə, qarşımda sərxoşluq edən və yoxsul məhəllədə yaşayan insan durmuşdu. Pulu çıxarıb ona verdim. Niko daş kimi durdu, səsini çıxara bilmədi. Necə təşəkkür edəcəyini bilmirdi”.

Lado Qudiaşvili xatırlayır ki, böyük rəssamın bir arzusu var idi: o, nəhəng bir ev arzulayırdı, hansına çoxlu insanlar dəvət edib çay fincanı ilə incəsənət və şəxsi həyatı haqqında danışa bilərdi.

Dalandar

Pirosmaninin “Dalandar” rəsmi onun yaradıcılığının maraqlı bir nümunəsidir.

Nikala həyətdə hamının yaxşı tanıdığı pırtlaşıq saqqallı xeyirxah bir kürd dalandarının şəklini çəkdi. Deyilənlərə görə, dalandar Nikalaya çox zəhmət çəkmişdir. Pirosmani Marqaritanı itirdikdə, elə bil ki, həyatının mənasını itirmişdi. Məhz o zaman xeyirxah dalandar Nikalaya öz kiçik evində sığınacaq vermişdi. Nərdivan altında yerləşən anbarda sığınmış Pirosmani dərdi ilə mübarizə aparır və gününü rəssamlıqla keçirirdi. Xeyirxah dalandar hər cür çalışırdı ki, onun dərdini yüngülləşdirsin və kömək etsin. O, Pirosmaniyə övladı kimi baxır və hər gün ona yemək gətirirdi. Nikalanın həyata marağı günü-gündən qayıdırdı. Günlərin birində dalandar Nikala üçün yemək gətirəndə rəssam onu şəkillə qarşıladı. Dalandar öz şəklindən heyrətə gəldi. Deyilənlərə görə, köksünə sıxıb deyirmiş “baxın, necə də mənə oxşayır”.

Dalandarın dişsiz, batıq yanaqları var. Qulaqları elə bil ki, yanaqlarına birləşib. İri, sallaq burnu və sıx, qırmızımtıl saqqalı var. Dodaqları görünmür. Dalandarın papağından səliqəsiz və daranmamış saçları tökülür. Dalandarın əynində kobud, qalın qara mahud plaş var. Əlcəkləri isə yoxdur. Yəqin ki, əlcəklər dalandarın formasına daxil deyildi və ya işi üçün əlverişsiz idi. Dalandar öz yaşına görə, iri çubuğa söykənmişdi. Ayaqlarına rezin boğazlı ayaqqabı – botlar geyinmişdi. Formanın papağının sarı zolağında isə aydın şəkildə “dalandar” və onun nömrəsi – 1035 yazılıb.

Şəklin fonu çox sadədir və bunun üçün də başa düşmək olmur ki, ilin hansı fəsli təsvir olunub. Amma dalandarın əlləri soyuqdan büzüşmüşdür. Üzünün boz rəngi də soyuqdan xəbər verir.

Dalandarın ayaqlarının altına bir ovuc boz torpaq səpələnmişdir. Əgər rəsmə yaxşı baxsaq, o zaman dalandarın dayandığı taxta döşəməni görə bilərik. Dalandarın arxasındakı ağ fon isə - divardır. Dalandarın portreti bir nəzərdən gülməli də görünür: öz çirkinliyi və sadə ifadəsi ilə. Amma bununla yanaşı, onun sifəti xeyirxahlığı, namusluluğu və sadiqliyi əks etdirir. Məhz bu emosional əhval-ruhiyyə və sadəliyinə görə Pirosmaninin “Dalandar” rəsm əsəri çox məşhurdur. Dalandar bu günə qədər heyrətə layiqdir.