Ekvtime Tağaişvili

Giriş

Fransada  1921- 1945-ci illərdə bir gürcü yaşayırdı, gözəl həyat yoldaşı ilə birlikdə. Bu gürcü Fransada ən zəngin və ən yoxsul insan idi. O, Gürcüstan xəzinəsinin sahibi idi və bu xəzinəni çox ehtiyatla qoruyurdu. Bu insan çox tez-tez aclıq çəkir və son qəpiyi ilə Gürcüstandan Avropaya düşmüş tarixi əşyaları alırdı. Bu insan Ekvtime Tağaişvili idi. Minnətdar Vətən və gürcü kilsəsi Ekvtime Tağaişvilini müqəddəs elan etmişdir.

Ekvtime Tağaişvilinin uşaqlığı və gəncliyi

Ekvtime Tağaişvili Quriyanın kiçik kəndində, Lixauridə dünyaya göz açmışdı. Onun valideynləri öləndə hələ çox balaca idi. Ekvtimeni nənəsi və bibisi böyütdülər. Ekvtime çox dəcəl, amma zəhmətkeş və istedadlı uşaq idi. Məktəbi bitirdikdən sonra təhsilini Kutaisi gimnaziyasında davam etdirdi. Kutaisidə təhsil müddətində Ekvtime şagirdlər hazırlayır, amma bu gəlir yaşamaq üçün kifayət etmirdi. İstedadlı Ekvtime gimnaziyanı uğurla bitirib gümüş medala layiq görüldü.

Ekvtime təhsilini Rusiyada, Peterburq şəhərinin universitetində davam etdirdi. O, tarix-filologiya fakültəsində təhsil alırdı. Rusiyada yaşadığı müddət gələcək alim üçün çox mühüm idi. O, Peterburq Universitetində dərin bilik və təcrübə qazandı.

Gürcüstana qayıdan Ekvtime dərhal aktiv fəaliyyətinə başladı. O, yorulmaq bilmədən tarixi və arxeoloji materialları axtarıb toplayırdı. Ekvtime bir çox kilsə kitablarını və bir çox tarixi materialları toplamışdı. Ekvtime Tağaişvili Gürcüstan kilsəsi tarixinin tərtibatında çox çalışmışdı.

Ekvtime Gürcüstanda çoxlu səyahətlər etmiş və tarixi materiallar toplayırdı. O, çox sayda mühüm əlyazmalar tapmışdı. Onların arasında “Pələng dərisi geymiş pəhləvanın” 17 qədim əlyazmalarını tapmışdı.

Ekvtime Tağaişvili Gürcüstan Universitetinin təməlini qoyanlardan biridir. O, universitetin birinci professorlarından biri oldu. Bu dövrdə aktual şəkildə gürcü kilsəsinin müstəqilliyinin bərpası üçün mübarizə aparırdı.

Fransaya səyahət

1921-ci ildə Sovet hökuməti Gürcüstana basqın etdi. Gürcüstan hökuməti Avropaya köçüb getdi. Hökumət üzvləri Gürcüstanın tarixi sərvətini də özləri ilə apardılar. Bu yolla onlar Gürcüstanın tarixi sərvətini qoruyub saxlaya bildilər.

Ekvtime sərvəti qorumaq üçün Fransaya yola düşməyi qərara aldı. O, həyat yoldaşı ilə birlikdə Parisə köçdü.

Gürcüstanın tarixi sərvətini qoruyub saxlamaq çox çətin oldu. Bir çox muzeylər çalışırdı ki, gürcü xəzinəsini ələ keçirsin. Bunların arasında Britaniya və Nyu-York muzeyləri də var idi. Bundan əlavə, Meqreliya zadəgan xanımı – Salome Dadiani Zuqdidi muzeyindən çıxarılan sərvətin varisliyinə iddia edirdi. O, məhkəməyə də şikayət ərizəsini vermişdi. Ekvtime Tağaişvili sərvətin bu mühüm hissəsini də qoruyub saxlaya bildi.

İkinci Dünya Müharibəsi zamanı alman faşistləri Gürcüstanın tarixi sərvəti haqqında xəbər tutdular. Onlar Ekvtime Tağaişvilinin evində axtarış apardılar. Ekvtime gürcü yoldaşları ilə birlikdə sərvəti qoruyub saxlaya bildi. Sonralar Fransa hakimiyyəti sərvətin ona məxsus olduğunu elan etdi. Ekvtime Tağaişvili və başqa gürcü vətənpərvərləri bu dəfəsində də gürcü tarixi sərvətini qoruya bildilər. Onlar sərvətin qorunub saxlanması üçün yorulmadan mübarizə aparırdılar.

Ekvtime Tağaişvili və onun həyat yoldaşı son dərəcədə yoxsulluq içində yaşayırdılar. Bir çox hallarda onların yemək pulları belə olmurdu və ac qalırdılar. Bu zaman Ekvtimenin yanına müxtəlif ölkələrin muzeylərindən gəlir və ona tarixi sərvətin əvəzinə külli miqdarda pul təklif edirdilər. Ekvtime Tağaişvili əşyaların hamısının qayğısına qalırdı. Öz-özlüyündə gürcü sərvətini satmağı ağlına belə gətirmirdi. Bu dövrdə Ekvtimenin həyat yoldaşı dünyadan köçdü. Bu, qoca Ekvtime üçün çox böyük zərbə oldu. Yalnız qalmış Ekvtime aclıq, xəstəlik və soy-uqdan dəfələrlə ölümlə üzləşdi. Ən çətin anlarında da sərvətin qorunması haqqında düşünürdü. Ona elə bil ki, bu məqsəd qüvvə verirdi.

Gürcüstanın tarixi sərvətini başqa-başqa tərəflərdən təhlükə gözləyirdi. Böyük zəhmət nəticəsində, 1944-cü ildə Fransa hökuməti sərvəti Gürcüstana qaytarmağa razılaşdı. 249 qutuya yerləşdirilmiş xəzinə Ekvtimenin müşaiəti ilə Gürcüstana qaytarıldı.

Ömrünün son illəri

Gürcüstana qayıtdığında Ekvtime artıq 82 yaşında idi. Qocaman yazıçı universitetdə işini davam etdirməyə başladı. Ekvtime Tağaişvili vətəndə olduğu üçün çox xoşbəxt idi. Bütün Gürcüstan ona böyük hörmət bəsləyirdi.

Ömrünün son illərində Ekvtime Tağaişvilini Sovet hökuməti çox təqib etməyə başladı. Onu universitetdən azad etdilər. Onun övladlığını həbs etdilər. Dostlarına və yaxınlarına Ekvtimeni görməyi qadağan etmişdilər.

Ekvtime Tağaişvili 90 yaşında vəfat etdi. Onun dəfnində yalnız vəfalı dostları iştirak edirdilər. Böyük gürcü xadimi Mtatsminda xiyabanında dəfn edilmişdir. Gürcü kilsəsi onu müqəddəs elan etdi.