Vika öz uşaqlığı haqqında

Toko və Tako bu axşam təkdirlər. Balacalar dərslərini hazırlayırlar. Vika bir az gecikir. Vako da gecikir. Bu gün tamaşası var və gec gələcəkdir. Tamaşası olanda hər zaman gecikir. Uşaqlar səbirsizliklə valideynlərinin gəlişini gözləyirlər. Hətta darıxmağa da başladılar. Valideynləri üçün darıxdılar...

Uşaqlar analarının ayaq səslərini uzaqdan eşitdilər. Sevinclə Vikanı qarşıladılar.

- Nə yaxşı ki gəldin, darıxdıq, məktəbdə işlərin çox idi? – Tako anasından soruşur.

- Nə üçün darıxdınız? Oynayardınız, kitab oxuyardınız, televizora baxardınız, Pepo və Çikonu əyləndirərdiniz, onlara heç diqqət vermirsiniz.... Hə, işlərim çox idi, axı sizdən başqa da uşaqlara baxıram, onlar da mənim övladlarımdır, onlara da çox qayğı göstərirəm, buna görə də bəzən məktəbdən evə gec gəlməli oluram...

- Ana, bilirsən mənə nə maraqlıdır, nə üçün müəllim olmağı qərara almısan? – Tako anasından soruşur.

- Oo, bu, çox maraqlı və uzun hekayədir. Bu əhvalatı sizə heç vaxt danışmamışam. İndi danışaram. Müəllimlik mənim uşaqlıq arzum idi. Müəllim olmağı çox istəyirdim, lap çox.

- Doğrudan?

- Hə, doğrudan! Ailəmizdə hamı həkim idi: anam da, atam da, hər iki babam və nənələrim, onların valideynləri və onların da valideynləri. Bir növ ənənə idi ki, hamı həkim olsun...

- Bəs sən niyə həkim olmadın?

- Hamı elə bilirdi ki, həkim olacaqdım. Balacalıqdan məni həvəsləndirirdilər ki, gələcəyin həkimi olacağam, deyirdilər ki, həkim görünüşüm var, mən də güzgüyə baxırdım və həkim görmürdüm... Həkim beyni var, həkim barmaqları, həkim istedadı, həkim intuisiyası, ətrafımda eşidirdim.. Mən isə başa düşmürdüm ki, “bu həkim xassələri” nəyi bildirirdi. Müəllim olmaq istəyirdim və ailəmiz mənə qarşı çıxırdı.

„Mənim nəvəm həkim olmalıdır!“ – gah bir, gah da o biri babam deyirdi. Nənələrim də eyni sözləri deyirdilər.

- Sonra?

- Sonra da mın başqasının seçdiyi peşəni seçmədim. Əvvəlcədən bilirdim ki, həkim olmalı deyiləm, müəllim olmaq istəyirdim, hamı mənimlə dalaşırdı. Mənə seçim etmək imkanını vermirdilər. Mənim əvəzimə sənədlərimi də tibb institutuna verdilər!

- Vay, necə də maraqlıdır, sonra nə oldu?

- Sonra da o oldu ki, imtahanlara getmədim, başqasının istədiyi olmaq istəmirdim. Bilirdim ki, yaxşı həkim olmayacağam, məndə heç nə alınmayacqdı, belə hiss edirdim və belə də düşünürdüm. İstədiyim peşənin sahibi olmaq istəyirdim. Ola bilsin ki, seçim düzgün deyildi, amma mənim seçimim idi və gələcəyimdə valideynlərim deyil, mən məsuliyyət daşıyıram. İkinci il imtahan verdim və müəllim oldum... Və çox da xoşbəxtəm! Ola bilsin ki, siz indi bunu başa düşməyəcəksiniz, amma bir az böyüdükdən sonra dediklərimi başa düşəcəksiniz...”

- Ana, sənin dediyindən belə çıxır ki, sənə qulaq asmalı deyiləm və mənə dediklərinin inadkarlıqla əksini etməliyəm... Mən belə başa düşdüm! Ola bilsin ki, yanılıram, amma böyüdükdən sonra yəqin başa düşərəm! – Tako dinc dura bilmir.

- Yox onu demirəm, xüsusilə də ana olandan sonra. Ola bilsin ki, başqa cür fikirləşirəm... Mən də dəqiq bilmirəm. Onu bilirəm ki, Tako, çalışacağam ki, sənin imkanlarını məhdudlaşdırmayım. Mən məsləhət verə bilərəm, amma qalanı sənin qərarın olacaqdır... Mən heç birinizə demərəm ki, hər zaman mənim istədiyimi edəsiniz. Xüsusilə də böyüdükdən sonra özünüz qərar edə bildikdə, vəziyyəti təhlil edə bildikdə, seçim etdikdə...

- Ana, bilirsən nə var? Mən bilirəm, kim olacağımı! – gözlənilmədən Toko da söhbətə qoşuldu.

- Kim olmaq istəyirsən, peşə seçmisənmi? Maraqlıdır, de görüm!

- Mən maşınların ustası olacağam... Çox istəyirəm maşın ustası olmağı.

- Maraqlıdır, bəs nə üçün maşın ustası olmağı qərara aldın? – Vika soruşdu və oğlunun seçimi ilə doğrudan da maraqlandı.

- İki səbəbə görə: birinci, maşınları yığmağı sevirəm və hər zaman oyuncaq maşınları qururam və ikincisi də, dünən qonşular danışırdılar və qulaq asdım: bizim qapı qonşumuz yuxarı mərtəbədəki qonşudan soruşurdu ki, oğlu harada işə başlamışdır. O da cavab verdi – maşınların təmiri emalatxanasında, maşın ustasıdır... Qapı qonşusu dedi: “Oy, nə yaxşı iş tapıbdır, çox sevindim”.

- Çox yaxşı, yaxşı maşın ustası yaxşı həkim kimidir, yaxşı ustalar azdırlar... Hansı peşən olsa da əsas odur ki, işini yaxşı bilsin. Mən əminəm ki, çox yaxşı maşın ustası olacaqsan, çox yaxşı maşınlar quracaqsan, xarab olsa – təmir edəcəksən.

- Mən də bilirəm kim olacağımı! – bir az sakit duran Tako söhbətə qoşuldu.

- De görüm, çox maraqlıdır, sən də qərara almısan artıq, sirrini bizə aç! – Vika Takonun seçimi ilə də maraqlandı.

- Yox, fikrimi dəyişdim, hələ deməyəcəyəm, bir az da yaxşı fikirəşəcəyəm və sonra deyəcəyəm. Sən necə istəyirsən, mən kim olum?

- Dəqiq deyə bilmərəm, fikirləşməmişəm, mənim üçün əsas odur ki, yaxşı. Mehriban və təhsilli insan olasan. Hansı peşəni seçsənsə də hər şeyi yaxşı edəcəksən. Bunun üçün də heç fikirləşməmişəm.

- Yaxşı, o zaman fikirləşərəm. Mehriban və təhsilli insan mütləq olacağam. Kim olacağımı isə fikirləşib deyərəm. Sənin xoşuna gəlməzsə, yəqin sənin sözünə baxaram, sənin kimi inadkarlıq etmərəm! – Tako anası ilə zarafatlaşıb qapıya tərəf qaçdı, çünki Vako gəlmişdi və atasını qarşılamağa tələsirdi...