Qartal

-1-

Qartal bütün quşların şahı hesab edilir və bu möhtəşəm ada layiqdir də. O məğrur, cəsarətli və özündən razı bir quşdur. Bədəni qaramtıl rəngdədir, yalnız boynunda qızılı zolağı vardır; dimdiyi qarmaq şəklindədir və çox möhkəmdir, caynaqları – iti və güclüdür. Onun iri gözlərindən güc və məğrurluq yağır. Qanadları uzun, mütənasib və qüvvətlidir, caynaqlarına qədər ağ tüklərlə örtülüdür; qartal yaşamaq üçün yüksək dağlıq yerləri sevir. Bir dəfə məskən saldığı yerdə qış-yay yaşayır; tez-tez yerini dəyişməyi sevmir.

Hər hərəkətində qartal çox sürətlidir. Çox gözəl uçur, yerdə yöndəmsiz gəzir. Gözəl oturmağı da var; düzgün oturur, insan kimi qamətli, qanadları yığılmış və məğrurluqla ora-bura boylanır. Bunun üçün də oturmuş qartala baxmaq gözəl bir mənzərədir. Hər hansı bir yerdə qartal görünən kimi bütün quşlar və xırda heyvanlar arasında qorxu zəngi çalınır. Quşlar və heyvanlar qartalın səsini eşidən kimi qorxa-qorxa dərhal ora-bura səpələnirlər.

Amma qartalın iri gözlərindən nə yayınar! Quşların şahı sakitcə və əzəmətlə uca göylərdə uçur, amma onun iti gözləri aşağıda bütün çölü izləyir və öz qurbanını görən kimi qanadlarını qatlayır və ox kimi sürətlə enir. Bu zaman dəhşətli qüvvə və sürətlə gəlir və havada fışıltı eşidilir. İti caynaqları açılmışdır ki, zavallı qurbanına tez batırsın. Qartal üstün gələ biləcəyi və aparacağı bütün varlıqların üzərinə cumur. Nə oynayan uşağa yazığı gəlir, nə də ki

dəcəl tülküyə. Amma tülkü bəzən onu çox peşman edir: havaya qaldırılmış tülkü bəzən qartalın boğazının içərisinə əlini yetişdirib boğazını cırmaqlayır. Cüyür, çöl donuzları, çəpişlər, quzular, dovşan balaları və pişiyin qanı bu dəhşətli yırtıcının caynaqları arasında axır. Quşlardan qartal ördəyi, qazı, leyləyi, çöl toyuğunu və bütün ev quşlarını aparır. Qartalın sevimli yemi heyvan qanıdır; bunun üçün də bu quş bəzən həftə ərzində su içmir.

-2-

Asanlıqla təsəvvür etmək olar ki, qartal balalarını böyütdükdə heyvanlar üçün necə də təhlükəli olur. Yalnız özünü saxladıqda da xırda heyvanlara dinclik vermir və bala böyütdükdə isə qanlarını içir! Mart ayında erkək-dişi qartallar yeni yuva qurmağa başlayır və ya köhnə yuvanı təmizləməyə başlayırlar. Əgər qartal dağlarda yaşayırsa, öz yuvasını yüksək və çətin qalxılan qayalarda qurur; əgər yaşadığı yer meşədirsə, o zaman yuvasını yuxarıda və əlçatmaz ağaclarda tikir. Qartallar əvvəlcə iri qurumuş ağacın budaqlarını düzür, sonra xırda, dərin yuvalar düzəldirlər. İçərisinə yun və saman sərirlər. Yuva gözəl deyil, amma böyükdür və elə möhkəmdir ki, insan da içərisində dayana bilər. Yuvanın materialını hər iki qartal gətirir, işləməkdən yorulduqdan sonra erkək-dişi qartal yuxarı havaya dincəlməyə qalxır və gözəl uçuşla bir-birlərinə zövq verirlər. Belə bir uçuşla erkək qartal yumurtaların üzərində oturan dişini əyləndirir.

Bir qayda olaraq dişi yuvada iki-üç yumurta qoyur. Yumurtalar şabalıd rəngində olurlar. Yumurtadan yenicə çıxmış balalar daha çox yumağa bənzəyirlər, nəinki quşa.... Bədənləri tam sıx ağ tüklərlə örtülü olur. Valideynləri onlara yaxşı qulluq edirlər, əvvəlcə öz ağızlarında yaxşıca çeynədikləri və sonra balalarının ağzına qoyduqları əti yedizdirirlər... Balalar yaxşıca böyüyənə qədər yuvadan ayrılmırlar. Qanadları çıxanda ata-ana əvvəlcə balaya uçmaq öyrədir, sonra isə ovlamaq. Bu zaman qartallar çox acıqlı olurlar, cəsurluqları və mətanətləri artır. Nə quşa və nə də ki, xırda heyvanlara dinclik vermirlər. Ovçu yaxşı təcrübəli və cəsarətli olmalıdır ki, qartalın balasını oğurlasın və sağ qalsın. Əgər qartal balasını əlinə almağı cəsarət edərsə, o zaman qartallar həmin insanı ölümcül yaralayar və eybəcər hala salarlar.

Qartallarla mübarizə haqqında qəribə bir əhvalat:

Ovçulardan biri yüksək qayalarda qartal yuvasını görüb ondan balaları götürmək istəyir. Aşağıdan yuvaya əli çatmadığına görə, yuxarıdan düşməyə çalışır. Ovçu bir neçə gənclə birlikdə gedir, özü ilə qalın kəndir götürür. Qayaya çıxdıqlarında gənclər ovçuya kəndir atıb qoltuqlarının altından keçirirlər və yavaş-yavaş aşağı, yuvaya endirirlər. Cəsarətli ovçu qılıncı götürür ki, qəfildən görünsələr qartalları uzaqlaşdırsın. Yuvaya düşənə qədər iki balanı götürür, paketə qoyub yoldaşlarına işarə edir ki, kəndiri yuxarı dartsınlar. Qayanın zirvəsinə yaxın olanda ana-ata qartallar görünürr və ovçunun üzərinə dəhşətli qışqırıqla cumurlar. Ovçu qılıncını gah bu tərəfə çəkir, gah o biri tərəfə və qartallardan birini öldürür də, amma ikinci qartal daha qorxulu mübarizəyə başlayır. Qorxmaz ovçunun ümidi olur ki, bu qartalı da öldürəcəkdi; amma bu zaman görür ki, kəndiri qılıncla kəsmiş və dəhşətli dibsiz uçurumun üzərində kəndirin yalnız dörddə birindən asılmışdır.... Qorxudan ürəyi gedir. Qılınc əlindən düşür və yoldaşları da onu güclə yuxarı qaldırırlar. Dostları ovçunu zorla tanıyırlar, çünki qorxudan onun saçları tam ağarmışdı...

Qartalı ovlamaq çox çətindir. Çox ehtiyatlı quşdur və əlçatılmaz yerdə oturur; nadir hallarda ola bilər ki, ovçu ona atıcılıq məsafəsində yaxınlaşa bilsin. Onu diri-diri tutmaq daha çətindir. Bəzi yerlərdə qartalı tələyə salırlar. Qartalı əhlilləşdirmək çətin deyil. Əhlilləşdirilmiş qartala ovçuluq öyrədilir: ona dovşan, tülkü və canavar balaları da tutdururlar. Qartal çox yaşayır. Bir ölkədə əhlilləşdirilmiş qartal yüz dörd il ömür sürmüşdü. Meşədə və çöldə azad yaşasaydı, əlbəttə ki, daha uzun ömür sürərdi.